8 Temmuz 2011 Cuma

Toylar mənəviyyata və ailə büdcəsinə necə təsir qoyur? - Baloğlan Əşrəfovla müsahibə

Onunla mənəvi dəyərlərimizin ciddi mühafizə olunduğu toyların birində görüşdük. Fürsətdən istifadə edib, elə bu toy haqqında da təəssüratını aldıq.
Yay mövsümü gələr-gəlməz toy mərasimləri vüsət alır. Bəzən insanımız toy xəbəri eşidəndə qəlbən nə qədər sevincək olsa da, son dövrlərdə bəzən bir o qədər də məyus olur. Toy mərasimlərimiz son dövrlərdə bir həddə gəlib çatıb ki, artıq real iqtisadi imkanlarla toylarda iştirak mümkünsüzləşməkdədir. Ailə büdcəsini kifayət qədər ciddi təhlükə altına almaqda olan Azərbaycan toyları ilə bağlı əməkdar artist, ölkəmizin tanınmış sənətkarı Baloğlan Əşrəfov Deyerler.org-a fikirlərini bölüşmüşdür.

- Uzun illərdir ki, el şənliklərində, toylarda iştirak edirsiniz. Hazırkı toylarımızı necə dəyərləndirərdiniz?

- Evlənən hər bir cavan üçün toy edilir. Hər bir toy da bir ictimai hadisədir. Son zamanlar bizim toylarımız, necə deyərlər, formasını dəyişib. Tarix boyu vəzifəsindən, kimliyindən asılı olmayaraq xalqımız həmişə övladlarına toy büsatı qurub. Mənim təqribən 40 il bundan qabaqkı toylarda da görüntülərim var. O vaxtkı toylarda da olmuşam, o vaxtın toylarını da görmüşəm, o toylarda da oxumuşam. O toyların necə keçdiyini də bilirəm. İllər keçdikcə toyun özünün formasında müəyyən dəyişikliklər olub. Biz həyət toylarından başlayıb, indi gəlib bər-bəzəkli şadlıq evlərinə qədər çıxmışıq. İndi bir sıra insanlar özünün şəxsi istəyinə uyğun toylar qurur. Elə insanlar da var ki, onların toyları tamam ayrı cür olur. Amma hər hansı toy bizim mənəvi-əxlaqi dəyərlərimizə xidmət etməlidir. Bizim mahnılarımızın özündə gənclər üçün tərbiyəvi məqamlar olmalıdır ki, insan o mahnılarda eşitdiyi sözlərdən tərbiyə alsın, bir şey əxz eləsin. Mən çoxlu toylar görmüşəm və xeyli təcrübəm var. Toylarımızda bizim mənəviyyatımıza zidd, insanları öz təbindən çıxaran və şüurunu dəyişdirən müəyyən məqamlar var. Onlardan istifadə olunanda insan hər şeyi unudur, tamam başqa əxlaq və mədəniyyətlə yaşayır.
Mən son zamanlar bəzi ailələrin toylarını görürəm. Alqışlayıram bu ailələri ki, onların balalarının toylarında süfrəyə alkohollu içkilər qoyulmur. Bəzi toylarda dinimizə də zidd, özümüzə də zərər verən, sağlamlığımıza zərər vuran içkilərdən istifadə olunur. Amma qeyd etdiyim toylar daha maraqlı, daha gözəl olur. Hamı bir-birini başa düşür, bir-birinə qulaq asır.
Hazırkı bəzi toylarımızda süfrədən başqa, həm də yad nəfəslər eşidilməyə başlayıb. Mən yad nəfəs deyəndə səsi nəzərdə tutmuram. Söhbət bu mahnıların mövzusundan, oxunan mahnının sözlərindən gedir. Toylarda müsəlman aləminə zidd, bizə mənəvi cəhətdən zidd olan mahnılar səslənir, onlar bizim insanları, bizim cavanları şəhvətə, əxlaqsızlığa sürükləyir. Belə mahnılar bizim toylarda işlədilməməlidir. O qədər gözəl mahnılarımız var ki... Vətəndən, anadan, dostluqdan, insana xas olan saf sevgidən mahnılarımız var ki, onları dinlədikcə biz daha da saflaşırıq.
Qurulan toy məclislərinin necə olmasının hər bir insanın öz istəyindən asılıdıır. Son zamanlarda bir neçə dəfə İslami ənənələrə uyğun toylarda da iştirak etmişəm. Bu toylar mənim xoşuma gəlib. Belə toylar insanları əxlaqi cəhətdən tərbiyələndirir. Belə toylar da var. Arzu edərdim ki, bizim gənc nəsil öz milli-əxlaqi dəyərlərinə sahib çıxsın.
Amma bəzi toylarda bir sıra mahnılar oxunur ki, mən özüm də onları eşidəndə əsəbiləşirəm. Belə mahnılara yol vermək olmaz. Allah bütün balaları xoşbəxt eləsin. Toy etməklə yeni ailə yaranır, həyata övlad gətirirlər. Bu gün öz balasına gözəl və mədəni bir toy keçirən ailənin sabah yetişən balası da daha çox öz kökünə, dini etiqadına bağlı insan olar.
Bizim bütün müğənnilərimiz hər ağzına gələni oxumur. Dini baxımdan bizim o qədər qəzəllərimiz var ki. Mən bir müğənni kimi dinlə bağlı xeyli şeylər bilirəm. Şairlərimizin dinə həsr etdiyi şeirlər də var. Bu şeirləri toylarımızda muğamlarla oxumaq olar.

- Əvvəllər toylarımız sadə və olduqca gözəl keçərdi. İndi toylarımızı süfrə və müsiqi mədəniyyəti baxımından necə qiymətləndirərdiniz?

- Bir dəfə mən Bakı toylarından birinə getdim. Toyun bədii hissəsi bir çadırda, yemək hissəsi isə digər çadırda idi. Orada ancaq 1-2 növ yemək vardı. Allah israfçılığı qəbul etmir. Bunu bizim dinimiz qəbul etmir ki, nə isə süfrədə qalsın və israf olsun. Allah Təala insanın mədəsini elə yaradıb ki, müəyyən hədd daxilində bu nemətlərdən istifadə edə bilər. Bizim şadlıq evlərində ərzaq bolluğudur, maşallah! Amma mən yenə də bir azərbaycanlı kimi, bir müsəlman balası kimi deyirəm ki, bu qədər israfçılığın əleyhinəyəm. Belə ola bilməz. Mən də oğluma toy edəcəyəm. Kolbasanın hansı növündən olursa-olsun süfrəyə qoymayacağam. Salatın indi 50 növü var, bu 50 növün hamısının süfrəyə düzməyin heç bir mənası yoxdur. Bu israfçılığın qarşısını almaq üçün bizim psixologiyamıza əməl olunmalıdır. Məsələn, mənim toyuma gələn adam öz toyunda süfrəyə qoyduqlarını görməyəndə toydan sonra deyəcək ki, “bu nə toydur, süfrədə cəmi bir cür yemək qoyulmuşdur?!”. Bunu mənim üçün qəbahət sayacaqlar. Toylarımıza yanaşmada psixologiya dəyişməlidir. İnsanlar bilməlidir ki, belə lazımdır, belə də edilir. Yoxsa əgər mənim toyuma gələn insanlar öz ağılları, öz dərrakələri ilə buna yanaşmasalar, bayıra çıxanda yenə mənim haqqımda danışacaqlar ki, bu nə olan işdir?! Yəni biz bu gün bu məsələyə şüurlu surətdə yanaşmalıyıq. Bu işə hamımız bir yerdə başlamalıyıq. Təbliğat, təşviqat və digər vasitələrlə buna xalqın ümumi razılığı ilə nail olmaq lazımdır. Toylarımızla bağlı din xadimləri, müxtəlif sənət adamları, digər alimlərimiz birləşib birgə yekun qərara gəlməlidirlər.

- Müsahibəyə görə təşəkkür edirik.


Əbazər Əhmədli,
/Deyerler.org/

Hiç yorum yok:

Yorum Gönder